Lənkəranda telefon kabeli oğurlandı, 4 kənd rabitəsiz və internetsiz qaldı

  • 8 yıl önce
Lənkəranda telefon naqillərinin kəsilərək oğurlanması 4 kəndin sakinlərini rabitəsiz qoyub. Artıq hadisə ilə bağlı rayonun hüquq-mühafizə orqanlarına da məlumat verilib. APA TV-nin Cənub bürosunun xəbərinə görə, oğurluq hadisəsi rayonun Mollakənd kəndi ərazisində qeydə alınıb. Fevralın 9-da səhər saatlarından telefonların susduğunu görən sakinlər Lənkəran Rayon Telekommunikasiya Qovşağının əməkdaşına müraciət ediblər. Araşdırmalardan məlum olub ki, magistral yoldan keçən rabitə xəttindən 200 metrlik naqil kəsilərək oğurlanıb. Nəticədə isə Lənkəran Telekommunikasiya Qovşağına xeyli maddi ziyan dəyib.

Yerli sakin Balaxan Əmirov problemin üç gün əvvəl yaşandığını deyib: "Fevralın 9-dan bu günə qədər telefonsuzuq. Mən zəng vurmaq istədim, gördüm ki, telefon işləmir. Rabitə nümayəndəsinə zəng vurdum, dedi ki, kabelləri oğurlayıblar. Hazırda ərazinin Siyaboli, Şovu, Aşağı Təngivan və Yuxarı Təngivan kəndlərinin sakinləri telefonsuz qalıblar.

Kənd sakinləri telefon kabellərinin oğurlanaraq satıldığını iddia edirlər. Onların sözlərinə görə, kabellərin daxilindən mis məftilləri keçdiyindən oğru və yaxud oğrular rabitə xətlərini kəsərək onu hansısa qəbul məntəqəsinə və ya kiməsə sata bilərlər. Kabellərinin kəsilərək ogurlanması ümumilikdə 4 kəndin 200 sakinini rabitə və internetsiz qoyub. Artıq hadisə barədə 102 xidmətinə və Lənkəran Şəhər-Rayon Polis Şöbəsinə də məlumat verilib. Şöbə əməkdaşları hadisə yerinə gələrək istintaq üçün zəruri olan barmaq izlərini götürüblər.

Lənkəran Telekommunikasiya Qovşağının əməkdaşı İmran Məmmədov fevralın 9-da səhər saatlarında işə gələndə yolun kənarında kabellərin kəsildiyini görüb: "Öz idarəmə və polis şöbəsinə zəng vurub məlumat verdim. Gəlib yoxladılar. Hazırda bizim kəndlərimiz rabitəsizdir. Ancaq dediklərinə görə, bu gün sabah rabitə bərpa olunmalıdır. Bu oğurluğun qarşısı alınmalıdır. Əks təqdirdə belə hallar təkrar oluna bilər. 4 kəndin sakinləri telefonsuz və internetsiz qalıblar.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır, hadisəni törətmiş şəxslərin tapılaraq istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Category

🗞
News

Önerilen