Zaqatalada "donuz qripi"nə qarşı tədbirlər gücləndirilib

  • 8 yıl önce
Zaqatalada "donuz qripi"nə qarşı profilaktiki tədbirlər keçirilir.

APA TV-nin məlumatına görə, Səhiyyə Nazirliyinin müvafiq saylı əmrlərinə əsasən Gürcüstan və Rusiya ilə həmsərhəddə yerləşən Zaqatala rayonunda da "donuz qripi" kimi tanınan H1N1 virusuna qarşı profilaktik tədbirlər gücləndirilib.

Zaqatala rayon Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən xəstəliyin profilaktikası məqsədilə Rayon Mərkəzi Xəstəxanasının aidiyyəti tibb işçiləri xüsusi təlimatlandırılıb. Əhalini maarifləndirmək üçün xəstəliyin əlamətləri və profilaktikasını özündə əks etdirən məlumat vərəqələri hazırlanaraq ictimai yerlərə paylanılıb. Məktəbəqədər təlim müəssisələrinin və məktəblərin girişində tibbi müşahidə-filtr təşkil olunub. Respirator virus halı aşkar edilən uşaqlar dərhal digərlərindən təcrid edilərək, aidiyyəti üzrə müalicəyə cəlb olunur. Bütün profilaktik tədbirlərlə yanaşı, uşaq bağçalarında və məktəblərdə dezinfeksiya işləri də görülür.

Hələlik respublikamızda "donuz qripi" xəstəliyi qeydə alınmayıb. Lakin digər rayonlarda olduğu kimi, Zaqatala rayonunda da şübhəli hal qeydə alındıqda, dərhal tədbirlərin görülməsi məqsədilə lazımi şərait yaradılıb. Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsində şübhəli xəstələrin müayinə və müalicəsi üçün ayrıca palatalar hazırlanıb. Həmin palatalar lazımi tibbi ləvazimat və dərman preparatları ilə təchiz edilib.

Category

🗞
News

Önerilen