Etibar Əsədli & İmamyar Həsənov - Ayrılıq

  • 5 лет назад
Azərbaycanlı bəstəkar və tarzən Əli Səliminin ərdəbilli şair Fərhad İbrahiminin sözlərinə bəstələdiyi mahnı. Mahnı ilk dəfə bəstəkarın həyat yoldaşı Fatma Qənnadi tərəfindən 1958-ci ildə Tehran Radiosunda səsləndirilib.
Mahnının bəstəkarı Əli Səlimi 1922-ci ildə Bakı şəhərində dünyaya göz açıb. Onun valideynləri Ərdəbil şəhərindən Bakıya köçmüşdülər. Əli Səlimi tar məktəbini xalq artisti, görkəmli tarzən Əhməd Bakıxanovun sinfində bitirmişdir. XX əsrin 30-cu illərinin əvvəlində Əhməd Bakıxanov bu istedadlı şagirdinin yolunu Azərbaycanın orkestr və ansambllarına açdı. Siyasi repressiyaların tüğyan etdiyi 30-cu illərdə Əli Səliminin ailəsi İrana qayıdır. Əvvəlcə Mazandarana, sonra Ərdəbilə, oradan da Tehrana köçürlər. Əli şəhərdəki tanınmış sənət adamları ilə əlaqələr qurur və istedadlı tarzən kimi tanınır və sevilir.
Əli Səlimi müsahibəsində "Ayrılıq" mahnısının necə yaranması ilə bağlı belə deyib: "Mən uzun zaman idi bir çox azərbaycanlının həyatına ağrı və kədər gətirən ayrılıq mövzusunda bir mahnı bəstələmək üçün uyğun sözlər axtarırdım. Çoxlarımız üçün bu, ailə üzvləri, sevdiklərimiz, qohumlar və Arazın o tayındakı doğma kəndlər və şəhərlərimizdən ayrı olmaq demək idi. O dövrdə nə Sovet, nə də Şah rejimi bizlərə o taydakılarla görüşmək üçün icazə vermirdilər. Bir gün Fərhad adında gənc bir şair mənə bir şeir gətirdi. Öncə çox maraqlanmasam da, şeiri oxuduqdan sonra budur mənim axtardığım, dedim." "Ayrılıq" mahnısının ilk ifaçısı Əli Səliminin xanımı Fatimə Qənnadi olub. Lakin mahnıda siyasi motivlər olduğundan və senzura nəzarətindən keçmədiyindən onun efirdə səsləndirilməsinə icazə verilmir. Dostlarının təkidi və xahişi ilə Əli Səlimi Fərhad İbrahimiyə həmin musiqi üçün yeni mətn yazdırır. Yeni mətndə xalqın parçalanmasından deyil, sevgililərin ayrılığından söz açılır. Lakin musiqi əvvəlki ahəngdə qaldığından özünün yanıqlı, naləli və kövrəkliyini saxlayır. Beləliklə, yeni mətnli "Ayrılıq" mahnısı 1958-ci ildə ilk dəfə Tehran radiosu ilə səsləndirilir.

Рекомендуем